"Türkiyədəki İslam Həmrəyliyi Oyunlarına çox yaxşı hazırlaşmışdım. Qızıl medal qazanacağıma əmin idim. Zədə bütün planlarımı alt-üst etdi".
Bunu Fanat.Az-a açıqlamasında ötən gün Almaniyada əməliyyat olunan Azərbaycan yunan-Roma güləşi millisinin aparıcı üzvü İslam Abbasov deyib.
26 yaşlı təcrübəli pəhləvan üç ay güləşdən uzaq qalacağını bildirib:
"Son təlim-məşqdə, konkret, yığmanın 97 kiloqram çəki dərəcəsindəki üzvü Arif Niftullayevlə güləşən zaman zədələndim. Müayinə nəticəsində böyük sinə əzələsinin sümükdən qopması diaqnozu qoyuldu. Bu da elə bir zədədir ki, təcili əməliyyat olunmalı idi. Əks halda karyeramın gələcəyi təhlükə altına düşərdi. Şükürlər olsun ki, əməliyyatım yaxşı keçdi. Həkimlər üç ay idmandan uzaq qalmalı olduğumu dedilər. Belədə nəinki İslam Oyunlarını, sentyabrda Belqradda keçiriləcək dünya çempionatını da buraxmağım dəqiqləşib. Bakıdakı Dünya Kuboku yarışında da iştirak ehtimalım 50/50-dir. Bir sözlə, bu vəziyyət il ərzindəki bütün planlarımı korladı".
Qeyd edək ki, İslam Abbasov 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. O, həmçinin Minsk-2019 II Avropa Oyunlarının və Avropa çempionatının gümüş mükafatçısıdır. Avqustun 9-da Türkiyənin Konya şəhərində start götürəcək V İslamiadada Abbasovu 87 kiloqram çəki dərəcəsində Məhəmməd Əhmədiyev əvəzləyəcək.
Sahib