Macarıstan "Ferentsvaroş"unun futbolçusu Eldar Çiviç UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri ev oyunu barədə danışıb.
Fanat.Az-ın xəbərinə görə, ölkənin "Nemzetisport.hu" saytına müsahibə verən 26 yaşlı müdafiəçi Budapeştdəki qarşılaşmada daha ağıllı oyun sərgiləyəcəklərini bildirib:
- “Qarabağ”a qarşı Bakıdakı oyunda meydan bu qədər isti idi?
- Bakıdakı oyun sanki cəhənnəm idi. Qızmar havada oynadıq. Hələ matç öncəsi isinmə hərəkətlərinə çıxarkən, qeyri-adi görüş olacağını hiss etmişdim. Boğucu istidə köynəyimizin önünü açmalı olduq.
- Matçın sonlarına yaxın həmişəkindən daha çox yorulmuşdunuz?
- Çox. Sanki bizi metal kağızdan çadıra salmışdılar. Nəfəs almaq çətin idi. Bununla belə, layiqli qiymətimizi vermək lazımdır. Çətin şərtlərə rəğmən, tam gücümüzü ortaya qoyduq, mübarizə apardıq və hesabda önə keçdik. Sonradan qol buraxsaq da, səfərdə 1:1 hesablı nəticə normaldır.
- 1:1 hesabını yaxşı nəticə saymaq olar?
- Qalib gəlmək də pis olmazdı. Buna imkanımız da var idi. Lakin ümumilikdə heç-heçədən narazı ola bilmərik. Axı, "Qarabağ" öz meydanında 30 000-dək azarkeş önündə oynayırdı. Azarkeş dəstəyinin nə qədər müsbət amil olduğunu biz gözəl anlayırıq.
- İkinci hissədə "Ferentsvaroş"un müdafiə xətti tamamilə dəyişdirildi. Samy Mmae, daha sonra isə Mats Knuster zədə səbəbindən əvəz edildilər. Bu durum müdafiəçilərə çətinlik yaratdı?
- Bu, qeyri-adi vəziyyət sayılsa da, futbolda hər şey mümkündür. 26 yaşım var, bilirəm ki, meydandakı hər şeyə hazır olmaq lazımdır. Bu iki mərkəz müdafiəçimizin dəyişilməsi həqiqətən də asan situasiya deyildi. Lakin onurğa sütunumuz o qədər güclüdür ki, onların yerinə meydana daxil olanlar eyni əminliklə məsələni həll edirlər. Əvəzetmələrdən sonra qol da buraxmadıq. Hər iki oyunçunun cavab görüşünədək sağalacaqlarına və meydana ən yaxşı heyətlə çıxacağımıza inanıram.
- Azərbaycanlılara qarşı cavab oyununda nələrə diqqət etməlisiniz?
- Cavab görüşündə rəqibin zəhərli dişlərini qırmalıyıq. Rəqibin orta həddən yuxarı sürətdə olan hücumçu və vingerlərinin olduğunu bilirdik. Onlar bunu Bakıda sübut etdilər. Həmin futbolçuları saxlamaq çətin idi. Topu itirdikləri vaxt ağıllı çıxış etməyimiz lazım gəlirdi. Budapeştdə rəqibin entuziazmını tez söndürmək vacib olacaq. Onların sürət götürmələrinə mane olmalıyıq.
"Ferentsvaroş" "Qarabağ"la müqayisədə daha yaxşı komandadır. Üstünlüyü sübuta yetirmək lazımdır. Bütün komanda yoldaşlarıma inanır və bilirəm ki, "Qarabağ"ı keçməyə qadirik".