Azərbaycanın kişilərdən ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığma VIII turda Qazaxıstan seçməsi ilə qarşılaşıb. Millinin heyətində Vasif Durarbəyli üçüncü, Nicat Abbasov dördüncü lövhədə görüşlərini qələbə ilə başa vurub, Rauf Məmmədov birinci lövhədə heç-heçəyə razılaşıb. Qədir Hüseynov isə qarşılaşmadan məğlub ayrılıb. Beləliklə, kollektivimiz ümumi hesabda 2,5:1,5 hesabı ilə üstün olaraq yarışda 6-cı qələbəsini qazanıb.
Komandamız ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda, Argentinanı 2,5:0,5, VI turda Slovakiyanı 3:1, VII turda isə İsraili 3:1 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma V turda Kubaya uduzub.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
VIII tur
Qazaxıstan - Azərbaycan 1,5:2,5
Rinat Cumabayev - Rauf Məmmədov 0,5:0,5
Alişer Süleymenov - Qədir Hüseynov 1:0
Aristanbek Urazayev - Vasif Durarbəyli 0:1
Kazıbek Noqerbek - Nicat Abbasov 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.