Azərbaycanın kişilərdən ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığma IX turda Hindistanın ikinci komandası ilə qarşılaşıb. Şəhriyar Məmmədyarov birinci, Rauf Məmmədov ikinci lövhədə heç-heçəyə razılaşıb. Nicat Abbasov dördüncü lövhədə rəqibini yensə də, Vasif Durarbəyli məğlubiyyətlə üzləşib. Beləliklə, matç 2:2 hesablı bərabərliklə tamamlanıb.
Komandamız ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda, Argentinanı 2,5:0,5, VI turda Slovakiyanı 3:1, VII turda isə İsraili 3:1, VIII turda Qazaxıstanı 2,5:1,5 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma V turda Kubaya uduzub. Hesabında 14 xal olan kollektivimiz turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
IX tur
Hindistan (2) - Azərbaycan 2:2
Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov 0,5:0,5
Nihal Sarin - Rauf Məmmədov 0,5:0,5
Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli 1:0
Raunak Sadvani - Nicat Abbasov 0:1
Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.