"Şamaxı"nın baş məqçisi Vüqar Əsgərli evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra ənənəvi mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin çalışdırıcısı məğlubiyyəti belə şərh edib:
"Neftçi" regionlarda xüsusi maraqla gözlənilən komandalardan biridir. Bu rəqibə qarşı oyunlar asan keçmir. Çətin olacağını bilirdik. Səviyyə fərqini aradan qaldırmağa çalışsaq da, ilk hissədə futbolçularda həyəcan var idi. Amma ikinci yarıda daha sakit oynadıq. Minimal hesabla da olsa, uduzduq. Futbolçularıma təşəkkür edirəm ki, sonadək mübarizə apardılar.
Toplanışa gec başladıq. İstərdik ki, hazırlaşmaq üçün vaxtımız çox olsun. Bu çatışmazlığı intensiv məşqlərlə aradan qaldırmağa çalışdıq. Gənc və yerli oyunçulardan ibarət dinamik komanda qurmaq istəyirik. Çatışmazlıqları transfer pəncərəsi bağlananadək aradan qaldırmaq niyyətindəyik. Hazırda ön xəttə gənc və perspektivli oyunçu axtarırıq. Danışıqlar davam edir. Ən azı qışadək legioner olmayacaq.
Qol buraxdığımız epizodda qapıçı Əkbər Vəliyevin səhvinə gəlincə, bu qaçılmazdır. Hazırda nəticəni yox, uşaqların təcrübə qazanmasını düşünürük. Bunun üçün əlimizdən gələni edirik".