Azərbaycanın qadınlardan ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız X turda Ermənistan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Xanım Balacayeva ikinci, Gövhər Beydullayeva üçüncü, Gülnar Məmmədova dördüncü lövhədə görüşünü qalib başa vurub. Beləliklə, seçməmiz yekun nəticədə rəqibini darmadağın edib - 4:0.
Bu, Azərbaycan qadın şahmatçılarının yarışda yeddinci qələbəsi olub. Komandamız ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda Yunanıstanı 2,5:1,5, IV turda İsraili 3:1, VI turda Qazaxıstanı 3:1, IX turda isə Monqolustanı 2,5:1,5 hesabı ilə üstələyib. Milli V turda Ukrayna ilə, VIII turda Rumıniya ilə heç-heçə edib, VII turda Hindistana uduzub. 16 xalı olan yığma turnir cədvəlinin 3-cü plləsində qərarlaşıb.
Ümumdünya Şahmat Olimpiadası
Qadınlar
X tur
Ermənistan – Azərbaycan 0:4
Elina Danielyan – Günay Məmmədzadə 0:1
Lilit Mkrtçyan – Xanım Balacayeva 0:1
Anna Sarqsyan – Gövhər Beydullayeva 0:1
Susanna Qaboyan – Gülnar Məmmədova 0:1
Məmmədzadə və Beydullayeva qara, Balacayeva ilə Məmmədova ağ fiqurlarla oynayıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.