"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq. Avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
Azərbaycan millisinin məşqçisi Arif Əsədov Fanat.Az-a açıqlamasında cavab qarşılaşması barədə fikirlərini bölüşüb:
"Qarabağ" Bakıdakı oyuna çətin şərtlər altında çıxmışdı. Baxmayaraq ki, komandamız evdə oynayırdı, heyətində ciddi itkilər var idi. Bu mənada müdafiədə iki aparıcı oyunçunun - Kevin Medina və Maksim Medvedevin yoxluğu problem yaradırdı. Üstəlik, Kadinin və Riçardın yoxluğu. Amma "Qarabağ" onlarsız da öz oyununu göstərə bildi. Düzdür, startda bir qədər həyəcan hiss olunurdu. Rəqib də bundan istifadə edib qol vurdu. Bununla belə, "Qarabağ"da zədəli və cəzalıları əvəzləyən oyunçular tədricən dəst-xəttə uyğunlaşdılar. Sırf komanda oyunu sayəsində müdafiənin mərkəzində bu mövsüm ilk dəfə tandem təşkil edən Bəhlul Mustafazadə və Bədavi Hüseynova yük düşmədi. Ümumiyyətlə, son dövrlər "Qarabağ"da kollektiv oyun elementləri daha güclü təsir bağışlayır. Əvvəl fərdlər ön plana çıxırdısa, indi komanda oyunu sərgilənir.
"Ferentsvaroş" sıradan rəqib deyil. Cavab görüşü onların meydanında keçiriləcək. Macarıstan təmsilçisinin güclü azarkeş dəstəyi olacaq. Bu, futbolçulara psixoloji təzyiq göstərə bilər. Amma "Qarabağ" dəfələrlə göstərib ki, rəqib meydanında nəticə əldə edə bilir. Elə son "Sürix" səfərini yada salmaq kifayətdir".
Təcrübəli mütəxəssis cavab görüşü ərəfəsində şansların bərabər olduğunu deyib:
"Şübhəsiz, Qurban Qurbanov səfər oyunu ilə bağlı plan qurub. İnanıram ki, səfərdən uğurlu nəticə ilə dönəcəklər. Kadiylə Almeydanın sıraya dönməsi üstünlükdür. Digər tərəfdən, komanda artıq rəqibin oyun üslubuna bələddir. Hesab edirəm ki, macarlar ilk dəqiqələrdən təzyiq edəcək, "Qarabağ" isə ilk 15 dəqiqə ehtiyatlı oynayacaq. Əslində, rəqibin irəli atılması komandamızın işinə yaraya bilər. Çünki "Qarabağ" İbrahima Vadji, Kvabena Ovusu və Kadi kimi sürətli oyunçuların hesabına kəskin əks-hücumlar qurmağı bacarır. İlk oyunda o da göründü ki, rəqibin müdafiəsini yarmaq mümkündür. Fiziki cəhətdən cüssəli olsalar da, "Qarabağ"ın texnikalı oyunçuları onları koordinasiyada üstələyir. Səhv etmirəmsə, ən etibarlı müdafiəçiləri keçən oyunda zədələndiyi üçün bu dəfə komandasına kömək edə bilməyəcək. Onu əvəzləyən danimarkalı isə tam etibarlı deyil. Düzdür, hava toplarını götürürdü, amma yerdə çevik deyildi. Hətta bir epizodda az qala penaltiyə səbəb olacaqdı. Düşünürəm ki, Zubir, Kadi və digər texnikalı oyunçular "Ferentsvaroş"un qapısına yol tapacaqlar. Cavab görüşü ərəfəsində şanslar 50-50-yədir".
Qeyd edək ki, bu gün Budapeştdəki "Groupama Arena"da baş tutacaq "Ferentsvaroş" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mirağa