"Ferentsvaroş"un qapıçısı Deneş Dibuş Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, 3 qol buraxmasına baxmayaraq komandasının ən yaxşılarından olan macarıstanlı qolkiper məğlub olduqları görüşlə bağlı "M4 Sport" kanalına bunları deyib:
“Artıq nəticəni dəyişə bilmərik. Əsəbi olsaq da, əlimizdən bir şey gəlmir. İlk hissədə imkanlarımız oldu, amma qol vura, hesabı bərabərləşdirə bilmədik. Əks halda, matçın mənzərəsi fərqli olardı. Hər iki hissəyə pis başladıq. “Qarabağ” praktiki olaraq hər şeydə - düşüncə, sürət, dinamika, aqressivlik, taktiki cəhətdən bizdən üstün idi. Bunu etiraf etməliyik. İki matçın nəticəsinə əsasən, daha yaxşı komanda irəliləyib. Bu matç göstərdi ki, biz ÇL-in qrup mərhələsində oynamağa hazır deyilik.
Bu qədər səhvləri görmək qıcıqlandırıcı idi. Mən sakitliyimi saxlamaqda çətinlik çəkirdim. Çox pis qərarlar verirdik, çox vaxt düzgün mövqedə olmuruq və topu çıxarmaq bizim üçün çox çətin idi. Topu yarımmüdafiə və ya hücum xəttinə çatdırmağa çalışsaq da, qonaqların oyunçuları gözəl oynayaraq bizimkilərin qarşısını kəsirdi. “Qarabağ” həqiqətən yaxşı oynadı, matça yaxşı çıxdı, intensiv oynadı və fərdi planda vəziyyətləri yaxşı həll etdi. Düşünürəm ki, Bakıda onlar üçün də şərait çətin idi, bugünkü kimi yaxşı oynamamışdılar.
Bütün həftə bu oyuna hazırlaşdıq, amma istədiyimiz kimi alınmadı. Topla yaxşı deyildik. Ona görə də evdə çox şansımız olmadı. Ümid edirdik ki, bəlkə də "nöqtə zərbələri"ndən qol vura bilərik, amma bu gün onu da bacarmadıq. Danışılası bir şey yoxdur".
Mirağa