Bakıda 1:1 hesablı bərabərə qaldığı "Ferentsvaroş"u Macarıstanda yenərək (3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verib.
Fanat.Az xəbər verir ki, pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq ağdamlıların çalışdırıcısı belə danışıb:
"Viktoriya" ilə oyunlara böyük ümidlərlə hazırlaşacaq, əlimizdəki şanslardan yararlanmağa maksimum çalışacağıq. Bilirik ki, bu rəqibi də üstələsək, Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyik. Daha yaxşı, daha istəkli olmalı və daha da səhvsiz oynamağa çalışmalıyıq. Rəqibi tam təhlil edəndən sonra daha ətraflı fikir bildirmək olar. Hər halda bu komanda Çempionlar Liqasının pley-offuna elə-belə gəlməyib. Ümumiyyətlə, Çexiya futbolu çox intizamlıdır. Çox yaxşı müdafiə xətləri olur, standart vəziyyətlərdə xeyli təhlükəli olurlar. Tam təhlil etdikdən sonra rəqibə qarşı yaxşı oyun qurmaq və uğurlu nəticə əldə etmək üçün ən yaxşısını ortaya qoyacağımıza inanıram".
Qurbanov ilk görüşü Bakıda keçirmələri barədə də fikirlərini bölüşüb: "İlk oyunun Bakıda olmasına gəlincə, xeyirlisi, qismətimizdə budursa, razılaşmalıyıq. İlk matça ciddi hazırlaşmalıyıq. İnanıram ki, birinci matçı evdə oynamaq üstünlüyümüz olar".
O, pley-off mərhələsinədək heyətə yeni oyunçu cəlb etməyin mümkünlüyünü də dilə gətirib. Qurbanovun fikrincə, bu, baş verməsə belə, hazırkı heyət də hədəfə çatmaq üçün yetərlidir: "Müdafiə xətti ilə bağlı hazırda hər hansı fikrimiz yoxdur. Amma ola bilər ki, digər mövqelərə hər hansı dəyişiklik olsun. Olmasa belə, hazırkı heyət yetərlidir. Komanda çox istəklə çıxış edir, çox həvəslidir. İstədiyimiz oyunçuları əldə edə bilsək, mütləq götürəcəyik, olmasa, elə bu heyətlə də davam edəcəyik".
Təcrübəli mütəxəssis III təsnifat mərhələsində "Ferentsvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən də danışıb. O, komandasının istənilən oyunu ortaya qoyduğunu söyləyib: "Əlbəttə, oyunu ələ almaq, üstünlüyü öz tərəfinə keçirmək istəyirsən. Bunlar bəzən alınır, bəzən yox. Bəzən də rəqib oyuna daha yaxşı başlayır. Sevinirik ki, cavab görüşü bizim üçün çox yaxşı başladı. Erkən qol vurmaq istəyirdik, bu da alındı. Deməzdim ki, rəqibi yaxşı təhlil etmişdik və ya əlavə bir şey ortaya qoyduq. Sadəcə, düşündüyümüzü daha yaxşı etdik və rəqibə qarşı daha sıx oynadıq. Şadıq ki, hər şey bizim tərəfimizdə oldu. Oyundan əvvəl və sonra rəqib baş məşqçi Stanislav Çerçesovla görüşümüz oldu. Qarşılaşmanın ardından bizi qələbə münasibətilə təbrik etdi".
Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə ilk oyununu 16/17 avqustda evdə, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.