Ekvadorun Quayakil şəhərində təşkil olunan cüdo üzrə gənclər arasında dünya çempionatında Azərbaycan ilk medalını qazanıb.
Fanat.Az xəbər verir ki, oğlanların 81 kiloqram çəki dərəcəsində yer alan Elcan Hacıyev ardıcıl olaraq Braziliya, Venesuela və Özbəkistandan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb. Lakin finalın bir addımlığında Fransa cüdoçusu Hacıyev üçün keçilməz olub. Üçüncü yer uğrunda görüşə qatılan idmançımız burada qazaxıstanlı Maksim Meirlanla üz-üzə gəlib və rəqibini yenərək yarışın bürünc medalına sahib çıxıb.
Ötən gün tatamiyə çıxan digər cüdoçularımızdan Məhərrəm İmamverdiyev ilk, Vüqar Talıbov (90 kq) ikinci görüşdə uduzaraq medalsız qalıblar.
Qeyd edək ki, 65 ölkədən 400-dən çox idmançnın qatıldığı mundialın fərdi yarışına bu gün yekun vurulacaq. Son gündə daha iki idmançımız - Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.