Ekvadorun Quayakil şəhərində gənc cüdoçular arasında dünya çempionatının fərdi yarışına yekun vurulub.
Fanat.Az xəbər verir ki, mundiala baş məşqçi Elxan Məmmədovun rəhbərliyi altında 8 oğlan cüdoçu ilə qatılan Azərbaycan millisinin qazancı bir bürünc medal olub. Yeganə mükafatı 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev ölkəmizin aktivinə yazdırıb.
Bu nəticə ilə Azərbaycan ümumkomanda hesabında 63 ölkə arasında 16-cı olub, yalnız oğlanların sıralamasında isə 10-cu pillədə qərarlaşıb. Ümumi sıralamada ilk yeri 6 qızıl, 2 gümüş, 2 bürünc mükafatla Yaponiya tutub.
Qeyd edək ki, dünya çempionatına bu gün komanda yarışı ilə yekun vurulacaq. Ölkəmiz bu mübarizədə təmsil olunmayacaq.