"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, Baxşıyev matçdan sonra təşkil edilən mətbuat konfransında qarşılaşmanı belə dəyərləndirib.
"Bizi ağır oyunun gözlədiyini bilirdik. “Şamaxı” gənc və perspektivli futbolçulardan ibarət kollektivdir.
Oyuna yaxşı başlamadıq. Sonradan hücumlarımızın ardını gətirib qollar vurduq. İkinci yarıda daha çox hesabı qorumağa çalışdığımızı və ya gücümüzə qənaət etmək fikrində olduğumuzu düşünmürəm. Nəticə də daha rahat oynamağa imkan verirdi.
İnanıram ki, qarşıdakı turlarda daha məzmunlu və daha yaxşı oyun görəcəyik. Futbol emosiya oyunudur. Oyunda hər futbolçu öz emosiyasını göstərə bilər. Matçın ağır ya yüngül keçməsinə gəlincə, futbolçular ilk yarıda oyunu ələ almaq üçün əllərindən gələni etdilər.
Bu, komandanın maksimumu deyil. Meydana sonradan daxil olan Omar Hani, Ülvi İsgəndərov və Ramon Maçado əsas heyət üzvləridir. Ola bilər ki, oyuna qoşula bilməsinlər. Onlara güvənirik, əsas heyət üzvü kimi görürük”.