"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları matçı - Azərbaycan Premyer Liqasının II turu çərçivəsində baş tutan qarşılaşmanı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Əsgərli görüşün ardından təşkil edilən ənənəvi mətbuat konfransında belə danışıb:
"Bizi tək buraxmadıqlarına görə azarkeşlərimizə təşəkkür edirəm. Uzaq yol qət edib Qəbələyə gəldilər.
Ölkə futbolunda özünəməxsus yeri olan komanda ilə qarşılaşdıq. Onların oturuşmuş kollektivi, bizim isə gənc heyətimiz var. Bunu hər dəfə qeyd edirəm. Sadəcə, bizə vaxt lazımdır. İkinci yarıda demək olar ki, istədiyimizə nail ola bildik. Yolumuza davam edəcəyik.
Məqsədimiz hamıya bəllidir. Gənc futbolçuların oynamasına şərait yaradıb onları inkişaf etdirmək istəyirik. Hazırda hesab bizim üçün o qədər də önəmli deyil. Buna baxmayaraq, məğlubiyyətin acısını çəkirik".
Əsgərli ani diqqətsizlikdən sonra ilk 20 dəqiqədə üç qol buraxdıqlarını söyləyib: "Bu komandada zəngin təcrübəyə malik yerli və legioner futbolçular var. Onlar da şanslardan istifadə etdilər".