"Səbail" yay transfer dövrünün ən fəal klublarından idi. Heyəti sıfırdan yığan Bayıl təmsilçisi yeni mövsümlə bağlı iddialı açıqlamalar verməkdən də çəkinmirdi. Ancaq baş məşqçi postunda Aftandil Hacıyevi əvəzləyən Mahmud Qurbanov indilik etimadı doğrultmur. "Dənizçilər" ilk iki turda məğlubiyyətə düçar olub. Sözsüz ki, uğursuz start düşərgədəki atmosferi korlayıb.
Fanat.Az rəhbərliyin Qurbanova etimadının sarsılıb-sarsılmadığını öyrənmək üçün klubun icraçı direktoru Fərəc Əliyevin mövqeyini öyrənib:
"İlk turda "Qarabağ"la qarşılaşdıq. Startda belə bir rəqiblə, özü də səfərdə oynamağın çətinliklərini vurğulamağa ehtiyac yoxdur. Bununla belə, gördünüz ki, pis oynamadıq. Xüsusilə, ilk yarıda layiqli müqavimət göstərdik, inamlı təsir bağışladıq. "Turan Tovuz"la oyuna gəlincə, qələbəyə köklənmişdik. Yenilgi planlarımıza daxil deyildi. Amma alınmadı.
Baş məşqçiyə etimad göstərməyə davam edəcəyik. Futbolçularımıza da inanırıq. Futbolda udmaq da var, uduzmaq da. Əmin ola bilərsiniz ki, növbəti turlarda istədiyimiz nəticəni əldə edəcəyik. İnanıram ki, komanda böhrana düşməyəcək".
"Səbail" növbəti turda "Şamaxı"nın qonağı olacaq. Klub rəsmisi onları heç də asan oyun gözləmədiyini deyib: "Qalib gələ bilməsək, hansı addımlar atacağıq? Açığı, bu həftə daha neqativ düşünmək istəmirəm. Onsuz da "Turan Tovuz"a məğlubiyyətə çox üzüldük, əhvalımız korlandı. Sözsüz ki, "Şamaxı" ilə oyun çox çətin olacaq. Onlar da ilk iki turda uduzmayıblar. Səfərdə oynayacağıq. Şamaxıdakı oyunlara xeyli azarkeş gəlir. İstəkli məşqçiləri, yeni rəhbərlikləri var. Deyərdim ki, bizim üçün ikiqat çətin olacaq. Amma ora 3 xal arxasınca gedəcəyik. Məqsədimiz maksimum nəticə ilə dönməkdir".
"Səbail" sentyabrın 1-də bağlanacaq transfer pəncərəsinin son günlərində yeni oyunçu almağı planlaşdırırmı: "Heyətlə bağlı məsələləri baş məşqçiyə həvalə etmişik. Desə ki, filan mövqedə boşluq var və transfer lazımdır, dəyərləndirə bilərik. Fasilə dövründə baş məşqçinin istəyinə uyğun transferlər reallaşdırmışıq".
Mirağa