Azərbaycanın sonuncu cüdoçusu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə yarışan İmran Yusifov 3-cü yer uğrunda qarşılaşmada seneqallı Mbaye Ndiaye ilə görüşüb.
Rəqibinə qızıl xal bölümündə uduzan Yusifov 5-ci olub.
Bununla da cüdo üzrə Azərbaycan milli komandası İslamiadanı 5 medalla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Nəriman Mirzəyev (73 kq) və Könül Əliyeva (48 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.
***
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 100 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Müzaffarbek Turoboyevlə üz-üzə gəlib.
22 yaşlı rəqibinə ipponla uduzan Qasımov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Müzaffarbek Turoboyev ötən il Rusiyanın Kazan şəhərində təşkil edilmiş I MDB Oyunlarının qalibi olub.
***
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Rio-2016 Olimpiadasının gümüş medalçısı mübarizəyə 1/4 finaldan qoşulub. Bu mərhələdə Pakistan təmsilçisi Qaysar Xanı yenən 32 yaşlı idmançı ardınca türkiyəli Mert Şişmanlara qalib gəlib. Qasımov finalda özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gələcək.
Bu gün tatami üzərinə çıxan digər milli üzvlərindən Zelim Tçkayev (81 kq) ardıcıl olaraq Bubu Kamara (Mavritaniya) və Asad Masabirovu (Qırğızıstan) üstələyərək yarımfinala adlayıb. Finalın bir addımlığında rəqib tanınmış Türkiyə cüdoçusu Vedat Albayrak olacaq.
+100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov. qadınların 70 kq çəkisində yer alan Günel Həsənli ilə Südabə Ağayeva isə ilk görüşlərini qələbə ilə başa vursalar da, növbəti mərhələdə uduzublar. Yusifov təsəlliverici görüşdə Əlcəzair, Həsənli isə Kamerun cüdoçusuna qalib gələrək bürünc medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıblar.
***
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, cüdo yarışlarının ikinci günündə Azərbaycanın daha 5 təmsilçisi tatamiyə çıxacaq.
Kişilərin 81 kq çəki dərəcəsində yer alan Zelim Tçkayev 1/8 finalda Bubu Kamara (Mavritaniya) - Abdurahman Sesai (Qambiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Rio Olimpiadasının gümüş medalçısı Elmar Qasımov (100 kq) 1/4 finalda Qaysar Xan (Pakistan) - Gede Soetama (İndoneziya) görüşünün qalibi ilə görüşəcək.
İmran Yusifov (+100 kq) 1/8 finalda Həmidrza Məlikzadə (İran) ilə mübarizə aparacaq.
Qadınlar arasında 70 kq çəki dərəcəsində mübarizə aparan Günel Həsənli startda Sana Altanhan (Fələstin), eyni çəkidəki Südabə Ağayeva isə Mavluda Odinaeva (Tacikistan) ilə qarşılaşacaq. Hər iki cüdoçumuz mübarizəyə 1/8 finaldan qoşulacaq.
Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Qeyd edək ki, cüdo yarışlarının ilk günündən sonra millimizin aktivində dörd medal var. Bunlardan biri qızıl, ikisi gümüş, biri bürünc əyyarlıdır.