FIFA-nın yeni icarə qaydaları artıq Azərbaycanda tətbiq olunur.
Ali futbol qurumunun 2022-ci ilin əvvəlində təsdiqlədiyi qaydalar Azərbaycan Premyer Liqasının yeni mövsümünün Əsasnaməsində əksini tapıb.
Bu haqda Fanat.Az-a açıqlama verən Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasov yeni dəyişikliklərlə bağlı məlumat verib:
"Dəyişikliklər iyulun 1-dən qüvvəyə minib. Yeni tənzimləmələr üç ili əhatə edəcək. Qaydalara əsasən, mövsüm ərzində bir klub digərinə 3-dən çox futbolçu icarəyə verə və ya digərindən 3-dən çox futbolçu icarəyə götürə bilməz. Yəni bu, eyni klublar arasında icarə müqavilələrindən gedir. Amma ümumilikdə bir klub mövsüm ərzində maksimum 8 oyunçu icarəyə verə və ya götürə bilər. Növbəti iki mövsüm ərzində ümumi limit uyğun olaraq 7-yə və 6-ya endiriləcək.
Onu da qeyd edim ki, Əsasnamədə əksini tapan icarə qaydaları akademiya üzvü olan, üç il orada oynayan və hələ 21 yaşı tamam olmayan futbolçulara şamil edilmir".
PFL rəsmisi hüquqi sənədlərin yeniləndiyini də əlavə edib: "Yazılı razılıq sənədləri hazırlanıb. Burada icarə şərtləri əksini tapır. Sənəd 3 tərəf - icarəyə verən, icarəyə götürən və futbolçu arasında imzalanır. Eyni zamanda, icarəyə götürən klubla futbolçu arasında ayrıca müqavilə imzalanır və ona əsasən oyunçu qeydiyyata alınır. İcarənin minimal müddəti 6 ay, maksimal müddət isə bir il olacaq. Halbuki əvvəlki illərdə bununla bağlı bənd, müddət yox idi. Yəni klub hansısa futbolçunu ilyarım, iki illik icarəyə götürə bilirdi".
Mirağa