Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Qadjiyev Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan gənclər arasında dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda gürcüstanlı Luka Çxitunidze ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabıyla qalib gələn Qadjiyev adını finala yazdırıb.
Həlledici dueldə Cəbrayılın rəqibi yaponiyalı Ryonosuke Kamiya olacaq.
Yarımfinaldakı digər təmsilçimiz Səbuhi Əmiraslanov (86 kq) isə Fransadan olan Raxim Maqamadovla bacarmayıb - 2:8.
Güləşçimiz bürünc medal uğrunda Angelos Kuklaris (Yunanıstan) və Aref Rəncbari (İran) arasındakı təsəlliverici görüşün qalibi ilə üz-üzə gələcək.
Bu çəkilərdə medallar uğrunda həlledici qarşılaşmalar sabah baş tutacaq.
***
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha 3 təmsilçisi mübarizəyə qoşulub.
61 kiloqram çəki dərəcəsində yer alan Ceyhun Allahverdiyev ilk mərhələdə finlandiyalı Akseli Erkkola xalçaya çıxmadığı üçün 1/8 finala yüksəlib. Daha sonra Cənubi Afrika Respublikası təmsilçisi Mika Lemkuelə 10:0 hesabıyla qalib gələn idmançımız 1/4 finala vəsiqə qazanıb. Lakin bu mərhələdə yaponiyalı Yuto Nişuiçi güləşçimiz üçün keçilməz olub - 0:8.
Cəbrayıl Qadjiyev (74 kq) ardıcıl olaraq qırğızıstanlı Ulukbek Asilbekova (13:0) və polşalı Kamil Barlovskiyə (10:0) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə özbəkistanlı Cafar Çuliboyevi də tam üstünlüklə (10:0) yenən Qadjiyev finalın bir addımlığında gürcüstanlı Luka Çxitunidze ilə münasibətləri aydınlaşdıracaq.
Səbuhi Əmiraslanov (86 kq) təsnifatda hindistanlı Cointi Kumara (7:5), ardınca qazaxıstanlı Muslim Jakislikə (6:2) qalib gələrək 1/4 finala yüksəlib. Burada monqolustanlı Batbilguun Naadambatla üz-üzə gələn Əmiraslanov rəqibini 17:7 hesabı ilə üstələyərək yarımdinala adlayıb. Burada o, Raxim Maqamadovla qarşılaşacaq.
Dünən mübarizəyə qoşulan güləşçimiz Soslan Tigiyev (79 kq) isə təsəlliverici görüşdə isveçrəli Kimi Kaeppeliyə 10:0 hesabıyla qalib gəlib və bürünc medal görüşünə vəsiqə qazanıb. Burada onun rəqibi qırğızıstanlı Məhəmməd Abdullayev olacaq.
Bu gün həmçinin Zirəddin Bayramov (65 kq) və Kənan Heybətov (70 kq) final görüşünə çıxacaq. Bayramov qızıl medal uğrunda həlledici dueldə özbəkistanlı Ümidcan Cəlalovla, Heybətov ABŞ təmsilçisi Mitçell Ouen Mesenbrinklə üz-üzə gələcək. Medallar uğrunda həlledici qarşılaşmalar saat 19:00-da başlayacaq.