"Nə vaxt qol vuracağımızı bilsəydim, resepti sizə də deyərdim. Bunun üzərində işləyirik. Oyunçular da çalışır. Vaxt barədə nəsə deyə bilmərəm. Bu, hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək".
"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqanın Misli Premyer Liqasının 3-cü turunda baş tutan "Zirə" ilə oyundan (0:0) sonra verdiyi açıqlamadır. Dəqiqləşdirsək, ötən mövsümü boşa verən belaruslu çalışdırıcı cari çempionatın ilk 3 oyununda qol vura bilməyən komandasının əsas problemi barədə ona ünvanlanan sualı belə cavablandırıb.
Əlbəttə, çempionluğa oynaya bilməyəcəyi öncədən bəlli olan "gənclik şəhəri" təmsilçisinin startdakı 3 qarşılaşmanın ikisində uduzmasında qeyri-adi nəsə axtarmağa dəyməz. Razılaşaq ki, Sumqayıt təmsilçisinin "Sabah" və "Qarabağ"a uduzmaması sürpriz nəticə sayılardı. Ancaq komandanı mövsümə şəxsən hazırlayan mütəxəssisin belə danışmasında həm acizlik, həm də ümidsizlik qoxusu var. Bu o deməkdir ki, 41 yaşlı çalışdırıcı kələfin ucunun harada dolaşıq düşdüyünü özü də bilmir.
Həmin mətbuat konfransında əcnəbi baş məşqçi "bu mövsüm rəhbərlik sizə nə qədər limit qoyub" sualını da eşidib. Cavabı belə olub: "Mənim işim məşqlərə və oyuna hazırlıqdır. Kabinetlərdə, ofislərdə nə danışılırsa, mənə aid deyil. İstəyirsinizsə, "Atalanta" - "Milan" oyununu müzakairə edə bilərik. Hər şeyi fikirləşsəm, başım partlayar. "Sumqayıt"ı götürdüyüm vaxtdan bütün məsuliyyət mənim üzərimdədir”.
Bəlli məsələdir ki, BATE-dəki fəaliyyəti ilə dəyər qazanan adam Azərbaycan təmsilçisində hələ ümidləri doğrulda bilmir. "Sumqayıt"ın daha çox futbol agenti kimi tanınan prezidenti Riad Rəfiyevin bu çalışdırıcı ilə yeni inkişaf mərhələsinə qədəm qoymaq planı indilik hər hansı perspektiv vəd etmir. Hə, yuxarıda qeyd etdiyimiz kimi, çempionatın ən güclülərindən alınan məğlubiyyətlər üzərindən dərin təhlillər aparmaq mübahisəli məsələdir. Amma bu da var ki, məntiqlə, yenilənmiş "Sumqayıt" məhz güclülərə başağrı olmağı bacarmalı, elə "Sabah"dan, "Qarabağ"dan, "Neftçi"dən xal almalıdır. Ala bilmirsə, deməli, "kimyaçılar" Baqa ilə belə desək, irəli doğru bir addım da ata bilməyib. Bu gedişlə, suların vaxtından əvvəl bulanmaq, Baqa ilə böyümək strategiyasının iflasa uğramaq ehtimalı çoxdur. Belaruslu özü də anlayır ki, karyerasının Azərbaycan bölümünün taleyi qarşıdakı 2-3 turda müəyyənləşəcək. Elə bu səbədən də çemodanlarını toplayarkən özü ilə geyindiyi "Sumqayıt" formasını aparıb-aparmayacağı barədə indidən düşünmək istəmir.
Qarşıdan isə "Turan Tovuz"la prinsipial matç gəlir. Əvvəlki turda "Səbail"i səfərdə məğlubiyyətə uğradan Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun isə xələfinə və onu istefaya göndərən Rəfiyevə meydanda demək istədiyi çox söz var. Yəqin ki, hələ əcnəbi mütəxəssisə nə qədər limit qoymalı olduğunu özü üçün də dəqiqləşdirməyən Riad bəy əlini çənəsinə qoyub öz-özünə pıçıldayır: "Tolko ne v etot raz, Baqa... Radi boqa..."
Nihat