Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün dördüncü turun görüşləri keçiriləcək
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə tur çərçivəsində polşalı Yolanta Zavadskaya ilə, Ülviyyə Fətəliyeva ukraynalı Anastasiya Raxmangulova ilə, Gülnar Məmmədova Alisya Sliviçka (Polşa) ilə üz-üzə gələcək.
Ləman Hacıyeva Dina Belenkayanı (İsrail), Xanım Balacayeva Yelena Martinkovanı (Litva), Gövhər Beydullayeva Yekaterini Pavlidunu (Yunanıstan) sınağa çəkəcək. Səbinə İbrahimova isə serbiyalı Tiyana Blaqoyeviçlə münasibətləri aydınlaşdıracaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Üç turdan sonra Məmmədzadə maksimum göstərici ilə ilk "dördlük"də yer alıb. Fətəliyeva və Məmmədova hərəyə 2,5, Hacıyeva 2, Beydullayeva, İbrahimova və Balacayeva 1,5 xal hasil ediblər.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.