Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün dördüncü turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən dördü qarşılaşmasını qələbə ilə başa vurub. Ülviyyə Fətəliyeva ukraynalı Anastasiya Raxmangulovanı, Gülnar Məmmədova Alisya Sliviçkanı (Polşa), Ləman Hacıyeva Dina Belenkayanı (İsrail), Gövhər Beydullayeva Yekaterini Pavlidunu (Yunanıstan) yenib.
Üç turdan sonra maksimum nəticəyə sahib Günay Məmmədzadə seriyanın ardını gətirə bilməyib. 22 yaşlı şahmatçı qara fiqurlarla polşalı Yolanta Zavadskaya ilə "sülh bağlayıb".
Xanım Balacayeva Yelena Martinkova (Litva) ilə, Səbinə İbrahimova isə serbiyalı Tiyana Blaqoyeviçlə heç-heçəyə razılaşıb.
Beləliklə, xalını 3,5-ə çatdıran Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova eyni göstəriciyə malik digər şahmatçılarla birgə turnir cədvəlində ilk "səkkizlik"də yer alıblar. Ləman Hacıyeva 3, Gövhər Beydullayeva 2,5, Səbinə İbrahimova ilə Xanım Balacayeva 2 xal toplayıb.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.