Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 2 təmsilçisi tatami üzərinə çıxacaq.
Oğlanların 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov mübarizəyə 1/8 finaldan qoşulacaq. O, bu mərhələdə Emiliano Lattanzi (İtaliya) ilə üz-üzə gələcək. 55 kq çəkidəki Şahin Oruczadə isə eyni mərhələdə Denis Qalabov (Bolqarıstan) / Vahe Ağasyan (Ermənistan) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, beş gün davam edəcək dünya birinciliyində Azərbaycan 13 (9 oğlan, 4 qız) idmançı ilə təmsil olunur. Cüdoçular 24-27 avqust tarixlərində fərdi çıxışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.