Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 5 təmsilçisi tatami üzərinə çıxacaq.
Oğlanların 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nizami İmranov 1/16 finalda Matiya Yeremiç (Serbiya) / Françesko Sampino (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq çəkidəki cüdoçulardan Əbil Yusubov eyni mərhələdə Mohumadeou Mboup (Seneqal) / Luka Katiç cütününün (Xorvatiya), Nicat Nağıyev Ernan Neves (Braziliya) / Samuel Hager (Slovakiya) cütünün güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qızlardan Aydan Vəliyeva (48 kq) 1/16 finalda Zarina Camalovanı (Özbəkistan), Vüsalə Hacıyeva (52 kq) Yi-Hsi Şeni (Taypey) sınağa çəkəcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış gününü bir medalla tamamlayıb. Oğlanların 55 kq çəki dərəcəsində Şahin Oruczadə yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb.
Beş gün davam edəcək dünya birinciliyinə Azərbaycan 13 (9 oğlan, 4 qız) idmançı ilə qatılıb. Cüdoçular 27 avqustadək fərdi çıxışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.