Çexiyanın paytaxtı Praqada qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bir günlük fasilədən sonra bu gün yarışda VII turun görüşləri keçiriləcək. Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə ağ fiqurlarla AÇ-nin ən reytinqli şahmatçısı Nana Caqnidze (Gürcüstan) ilə üz-üzə gələcək.
Ülviyyə Fətəliyeva "ağlar"la ermənistanlı Lilit Mkrtçyanla, Gülnar Məmmədova "qaralar"la ukraynalı Olqa Babiy ilə münasibətləri aydınlaşdıracaq.
Xanım Balacayeva Beloslava Krastevanı (Bolqarıstan), Gövhər Beydullayeva Alisiya Sliviçkanı (Polşa), Ləman Hacıyeva Deimante Daulite-Kornetteni (Fransa), Səbinə İbrahimova Diana Lomayanı (Gürcüstan) sınağa çəkəcək.
Altı turdan sonra beş xalı olan Günay Məmmədzadə turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Hərəyə 4,5 xal toplayan Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva, müvafiq olaraq, 6-7-ci yerlərdədirlər. Ləman Hacıyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva 3,5, Səbinə İbrahimova 2,5 xal hasil edə bilib.
Lider 5,5 xala malik polşalı Monika Soçkodur.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq