Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatının fərdi yarışını üç medalla başa vurub.
Fanat.Az xəbər verir ki, son olaraq daha iki idmançımız mübarizəyə qoşulub.
Oğlanların 90 kiloqramdan yuxarı çəki dərəcəsində yer alan Ramazan Əhmədov ilk görüşündə Zan Kostanjseki (Sloveniya) yensə də, ardınca Con Messe Bessonqa (Kanada) uduzub.
Qızların 70 kiloqramdan yuxarı çəkisindəki Nigar Süleymanova Sevinc Turakulovanı (Özbəkistan) və Morqan De Paolini (İtaliya) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Selia Kankanın (Fransa) müqavimətini qıra bilməyib. Təsəlliverici görüşdə də Yovana Styepanoviçə (Serbiya) məğlub olan Süleymanova medalsız qalıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc medal qazanıblar. Cüdoçularımız sabah - avqustun 28-də komanda yarışında mübarizə aparacaqlar.
***
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda fərdi yarışlara yekun vurulacaq. Dördüncü gündə Azərbaycanın daha 2 təmsilçisi tatami üzərinə çıxacaq.
Oğlanların 90 kiloqramdan yuxarı çəki dərəcəsində yer alan Ramazan Əhmədov mübarizəyə 1/16 finaldan qoşulacaq. Onun bu mərhələdəki rəqibi Zan Kostanjsek (Sloveniya) olacaq.
Qızların 70 kiloqramdan yuxarı çəkisindəki Nigar Süleymanova isə eyni mərhələdə Sevinç Turakulova (Özbəkistan) ilə münasibətləri aydınlaşdıracaq.
Təsnifat görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Qeyd edək ki, ilk üç gündə tatamiyə çıxan 11 Azərbaycan təmsilçisindən üçü çıxışını medalla başa vurub. Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (48 kq) bürünc mükafata sahib çıxıblar. Cüdoçular sabah komanda yarışında iştirak edəcəklər.