Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat üzrə qadınlar arasında Avropa çempionatında bu gün 8-ci turun görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yeddi turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edən Azərbaycan təmsilçisi Günay Məmmədzadə yalnız əlavə göstəricilərə görə üstələdiyi polşalı Monika Soçko ilə üz-üzə gələcək. 22 yaşlı şahmatçımız təcrübəli rəqibinə qarşı qara fiqurlarla oynayacaq.
Gülnar Məmmədova "qaralar"la gürcüstanlı Nino Batsiaşvili ilə, Ülviyyə Fətəliyeva italiyalı Marina Brunello ilə münasibətləri aydınlaşdıracaq.
Digər təmsilçilərimizdən Xanım Balacayeva AÇ-nin ən reytinqli iştirakçısı Nana Caqnidze (Gürcüstan) ilə, Gövhər Beydullayeva Lela Cavaxişvili (Gürcüstan) ilə, Ləman Hacıyeva Yevgeniya Doluhanova (Ukrayna) ilə qarşılaşacaq. Nəhayət, Səbinə İbrahimovanın rəqibi israilli Sofiya Taşkinova olacaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Hərəyə 5 xal toplayan Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva yarış cədvəlində, müvafiq olaraq, 5 və 8-ci yerlərdə qərarlaşıblar. Gövhər Beydullayeva ilə Xanım Balacayeva 4,5, Ləman Hacıyeva 4, Səbinə İbrahimova 2 xal hasil edə bilib.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.