"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında sabiq klubunun "bostanına daş atıb".
O, yerli azarkeşlərin onu alqışlamamasına görə incidiyini dilə gətirib: "Sumqayıta rəqib kimi gəlmək başqa hissdir. Haqsız şəkildə göndərildim. Layiq olmadığım kimi getdim. "Sumqayıt" azarkeşlərindən incidim. Alqış düşə bilərdi. Bəlkə də, kimsə onlara dedi ki, sakit durun. Komandanı avrokuboka çıxaran baş məşqçini alqışlamaq olardı".
Göründüyü kimi, 41 yaşlı mütəxəssis azarkeşlərin onu alqışlamamasını sifariş hesab edir. Maraqlıdır, "Sumqayıt" tərəfinin bu ittihama reaksiyası necədir?
"Gənclik şəhəri" təmsilçisinin prezidenti Riyad Rəfiyev Fanat.Az-a bu barədə açıqlama verib:
"Təbii ki, haqsız ittihamdır. Oyunu 2 min insan izləyirdi. O qədər adama necə tapşırıq vermək olar? Aralarından 3-5 nəfər çıxıb alqışlaya bilməzdi? Təbii ki, bu, istəyə bağlıdır".
Ayxan Abbasov həmçinin, onun vaxtında legionerlərin transferinə icazə verilməməsinə, hazırda isə komandaya xeyli əcnəbi oyunçunun cəlb edilməsinə toxunub. Rəfiyev Abbasovun bu atmacasını da qarşılıqsız qoymayıb: "Əslində, bu məsələyə geniş şərh verməyə lüzum yoxdur. Klubun legioner siyasətinin dəyişməsinin Ayxan Abbasovla əlaqəsi yoxdur. Ondan əvvəl də "Sumqayıt" əcnəbi oyunçu statuslu futbolçu oynatmırdı. Sadəcə, bu mövsümdən əvvəl idarəçilər strategiyanın dəyişməsinə qərar verdilər".
Mirağa