Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada keçirilən qadınlar arasında Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı şahmatçı IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.
Azərbaycanın digər təmsilçilərindən Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna) ilə, Xanım Balacayeva Anna Uşenina (Ukrayna) ilə, Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.
Ülviyyə Fətəliyeva lider Monika Soçko (Polşa) ilə heç-heçə edib. Səbinə İbrahimova isə Noqa Oriana (İsrail) qalib gəlib.
Bu nəticələrdən sonra Günay Məmmədzadə 7 xalla 2-ci, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6,5 xalla 4-5-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva 6 xalla, müvafiq olaraq, 17-ci və 19-cu, Ləman Hacıyeva 5 xalla 33-cü və Səbinə İbrahimova 4 xalla 80-cidir.
Qeyd edək ki, avqustun 31-də başa çatacaq Avropa çempionatında 123 şahmatçı mübarizə aparır.