Bu gün Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat üzrə qadınlar arasında Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, hesabında 7,5 xal olan və lider Monika Soçkodan (Polşa) 0,5 xal geri qalmaqla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Günay Məmmədzadə sonuncu - XI turda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gələcək. Çempionluq şansını qoruyan 22 yaşlı şahmatçımız bu matçda ağ fiqurlarla oynayacaq.
Hərəyə 7 xal toplayan və medal imkanlarını saxlayan iki təmsilçimiz - Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova bu turda bir-biriylə münasibətləri aydınlaşdıracaqlar.
Gövhər Beydullayeva AÇ-nin ən reytinqli iştirakçısı Nana Caqnidze (Gürcüstan) ilə, Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə, Xanım Balacayeva Alisya Sliviçka (Polşa) ilə, Səbinə İbrahimova isə Mixalina Rudzinska (Polşa) ilə qarşılaşacaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır.