Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycandan yalnız Şəhriyar Məmmədyarov yer alıb. 37 yaşlı qrossmeyster 2757 xalla əvvəlki kimi, 10-cu pillədədir.
Teymur Rəcəbov yenə 2747 xalla 15-ci yerdədir. Qədir Hüseynov (2661 xal) 78-ci pillədən 85-ci sıraya düşüb. Əvvəlki reytinq cədvəlində 93-cü pillədə olan Rauf Məmmədov isə ilk 100 şahmatçı siyahısını tərk edib.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2861 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, rusiyalı Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədir.
Qadınların ilk "100-lüy"ündə 4 şahmatçımız yer alıb. Günay Məmmədzadə 2473 xalla 21-ci pillədəki mövqeyini qoruyub. Dörd pillə geriləyən Ülviyyə Fətəliyeva (2408 xal) 45-ci, mövqeyini 5 pillə pisləşdirən Gülnar Məmmədova (2382 xal) 73-cüdür. Xanım Balacayeva isə 2379 xalla 75-cidir.
Qadınların reytinq cədvəlinə yenə çinli Yifan Hou (2650 xal) başçılıq edir.