“Turan Tovuz” Misli Premyer Liqasının V turunda “Şamaxı”nı səfərdə 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov qələbəni şərh edib:
“Şamaxı”nın evdə yaxşı çıxış etdiyini bilirdik. Onlar bu meydanda bizdən öncə “Neftçi” və “Səbail”ə qarşı əzmkar futbol oynamışdılar, hətta xal da qazanmışdılar. Bu gün də gərgin, mübarizəli oyun getdi. Havanın isti olması da oyunun tempinə mane olurdu. Futbolçular çətinlik çəkirdilər. Amma buna da dözdük. Futbolçularıma da demişdim ki, kim səbrli olsa, o da qalib gələcək. Epizodlara girirdik. Sevindirici haldır ki, Runi Eva bu gün qol vurdu. Çünki bir hücumçunun qol vurması onun özünəinamını artırır. Ümumən futbolçularımdan razı qaldım. Əlbəttə, bizim üçün hər 3 xal vacibdir. Yeni komandayıq. Azarkeşlərə təşəkkür edirəm. Bizi tək buraxmırlar. Futboçuları ruhdan düşməyə qoymadılar. Qarşıdakı oyunlara baxacağıq.
Gələn tur “Kəpəz”lə qarşılaşacağıq. Evdə oynayacağıq. Yaxşı hazırlaşacağıq. “Turan”la “Kəpəz” arasındakı oyunlar əvvəllər də maraqlı və gərgin keçib. Azarkeşlərə də belə oyunlar çox maraqlı olur. Futbolçulara da dedim ki, bu tempi qorumaq lazımdır. Bilirik ki, “Kəpəz”in müəyyən problemləri var. Amma “Qarabağ”a qarşı yaxşı mübarizə apardılar. Onlar da xal qazanmağa çalışacaqlar. Bizi çətin oyun gözləyir. Sevinirəm ki, azarkeşlər belə bir derbi görəcəklər”.