Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb"nun baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasının startında "Çelsi" üzərində qələbə (1:0) qazandıqları görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis bunun karyerasında ən dəyərli qələbə olduğunu deyib:
"Gözəl matç keçirdik. Gözəl futbol ab-havası, güclü dəstək, jurnalistlərin bizi alqışlaması - unudulmaz şeylərdir... Bu, böyük qələbədir. Matçda pis oynayan futbolçumuz yox idi.
Üç mərkəz müdafiəçisi ilə oynamağımıza gəlincə, yağış yağanda palto geyinməli, çətirdən istifadə etməlisən. “Çelsi” nə yerli rəqiblərimizdən, nə də Çempionlar Liqasına gedən yolda qarşılaşdığımız komandalardan deyil. Biz onların məkanını daraltmalı, sürətlərini ləngitməliydik. 16 metrlik məsafədə xüsusilə sıx oynamalıydıq. Bu, bizə istədiyimiz nəticəni qazandırdı.
Karyeram ərzində gözəl qələbələrim olsa da, əlbəttə, bu, ən yaxşısıdır. Mən kifayət qədər qocalmışam və xatırlamıram ki, “Dinamo” haçansa bu səviyyədə komandaya qalib gəlib. "Çelsi" tam heyətlə gəlmişdi. Odur ki, bu, həqiqətən böyük bir qələbədir".
Mirağa