Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının G qrupunun ilk tur matçından öncə ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis belə danışıb:
"Matçı səbirsizliklə gözləyirik. Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən, beynəlxalq təcrübəyə malik komanda var.
Son illər avrokuboklarda sabit çıxış sərgiləyən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik".
Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.