Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası AVRO-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, D qrupunda yer alan yığma 5-ci turda səfərdə lider Sloveniya ilə qarşılaşıb. Mariborda təşkil olunan matç meydan sahiblərinin 3:1 (25:16, 25:18, 19:25, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə də Sloveniya eyni hesabla qalib gəlmişdi -3:1. Hazırda bu yığma 14 xalla 1-ci, Azərbaycan isə 9 xalla 2-ci yerdə gedir.
Qrupun digər görüşündə 4 xala malik Avstriya xalı olmayan Gürcüstanı qəbul edəcək.
Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə bu məğlubiyyətlə qrup ikincisi kimi mərhələ şansını çətinləşdirib. Avstriya autsayder Gürcüstanı yenməklə xalını 7-yə çatdıra və son turda Eldar Yusubovun baş məşqçi olduğu kollektivlə ev oyununda qələbə qazanmaqla qrup ikinciliyini ələ keçirə bilər.