Azərbaycan yunan-Roma güləşi yığmasının məşqçisi Həsən Əliyev sosial şəbəkə hesabında millinin üzvü Həsrət Cəfərovla bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı dünya və Avropa çempionu 12 il əvvəl Rusiyanın paytaxtı Moskvada təşkil olunan mundialda qazandığı qələbədən sonra çəkilmiş fotosunu "Facebook"da paylaşaraq bu sözləri yazıb:
"Bu dünya çempionatından 12 il keçməsinə baxmayaraq hələ də mənim ən gənc dünya çempionu rekordum təkrarlanmayıb. Bu, Həsrət Cəfərovun çempion olması ilə təkrarlana bilər. Düz 12 il əvvəl mən 20 yaşımda dünya çempionu olmuşam. Bu şans Həsrətin əlinə düşüb. Allah qismət eləsin, Həsrət mənim nəticəmi təkrar eləsin".
Qeyd edək ki, Həsrət Cəfərov gənclər arasında dünya və Avropa çempionu, ötən ay Türkiyənin Konya şəhərində keçirilən İslamiadanın qızıl medalçısıdır. 19 yaşlı idmançı 10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında 67 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.