"Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov bu gün “Turan Tovuz”a qarşı özünün debüt oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, təcrübəli məşqçi qərb derbisi ərəfəsində klubun mətubat xidmətinə açıqlama verərək görüşlə bağlı fikirlərini bölüşüb:
“Bir neçə gün ərzində komandada əhval-ruhiyyəni qaldırmağa, qələbə ruhu formalaşdırmağa çalışmışıq. Futbolçuların əhvalı yaxşdır. Kollektivi düşdüyü bu durumdan çıxarmalıyıq. Nəticələr qazanmalıyıq. Zamana ehtiyacımız var. Amma vaxt bizi sıxır.
Qərb derbisinin prinsipiallığı məlumdur. Azərbaycan çempionatında 2-3 derbidən biridir. Komandaların elitaya qayıtması ilə bu derbi çempionata rəng qatacaq. Məqsədimiz qarşıdakı görüşdə yaxşı nəticə qazanmaqdır. Bunun üçün hazırlaşmışıq. İşimizi səfərbər etmişik. Çətinliklərə baxmayaraq, Gəncə futbolunun əvvəlki əzəmətini qaytarmağa səy göstəririk. Azarkeşlərə sevinc bəxş etmək üçün çalışırıq. Onlar bizə dəstək verirlər, oyunlardan zövq almaq istəyirlər. Zamanla komandamız fanatları nəticələri ilə sevindirəcək”.
Qeyd edək ki, Misli Premyer Liqasının VI turu çərçivəsində bu gün keçiriləcək “Turan Tovuz” – “Kəpəz” matçı saat 16:30-da başlayacaq.