Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour" seriyasının beşinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Sinquefield Cup" turnirinin səkkizinci turunda qara fiqurlarla ABŞ təmsilçisi Leynyer Dominqes ilə üz-üzə gələcək.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Təmsilçimiz ilk, üçüncü, beşinci və yeddinci turlarda müvafiq olaraq, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Fabiano Karuana (ABŞ) və Yan Nepomnyaşi (FIDE) ilə heç-heçəyə razılaşıb. İkinci turda Hans Nimanna (ABŞ), altıncı duelində isə Alireza Firuzcaya uduzan Şəhriyar dördüncü turda norveçli Maqnus Karlsenlə görüşməli olsa da, hazırkı dünya çempionun turnirdən imtinası səbəbindən texniki qələbə qazanıb. Üç xal toplayan təcrübəli şahmatçı Dominqeslə 7-8-ci yerləri bölüşdürür.
Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.
Qeyd edək ki, 26-30 avqustda eyni şəhərdə "Grand Chess Tour"un dördüncü mərhələsi keçirilib. Rapid və blits üzrə təşkil olunan turnirdə Məmmədyarov on şahmatçı arasında altıncı yeri tutub.