"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, rumıniyalı mütəxəssis 3 xala görə komandasını təbrik edib:
"İlk hissədəki oyundan sonra futbolçularımla danışmağım normaldır. Onların səviyyəsinə bələdəm. Yenə 2 fərqli hissə izlədik. İlk yarıda komandam yaşlı insanlar kimi oynayırdı. İkinci hissədə isə necə lazımdırsa, elə də çıxış etdik. Səhvlərimizi analiz edəcəyik. Bizim kimi komanda bu cür səhvlərə yol verməməlidir. Təhlükəli epizoodlar yaratsaq da, düzgün qərarlar verə bilmirdik. Son zərbələr bərbad idi. Özümüzü çətin duruma salırdıq. Bu cür oyunlar xoşuma gəlmir, İmkan varsa, 3 və 4-cü qolları da vurmaq lazımdır".
O, fasilədə oyunçularla çox danışmadığını söyləyib: "Sadəcə, düzgün qərar verməli idim. İki əvəzetməyə əl atdım. Rəqib sağdan çoxlu hücum qururdu. Buna görə İsmayıl Zülfüqarlını meydana buraxdım. Qol epizodunda da çox yaxşı ötürmə etdi. Qol fürsəti yaratmaq üçün hərəkət etməlisən. Bütün futbolçular topu ayağa istəyirdi. Komandaya ikinci yarıda daha çox hərəkət etməyi tapşırdım".