İspaniya La Liqasının V turunun “Kadis” – “Barselona” matçı 81-ci dəqiqədə yarımçıq dayandırılıb və təxminən yarım saat fasilədən sonra yenidən bərpa olunub.
Fanat.Az xəbər verir ki, buna səbəb azarkeşlərdən birinin vəziyyətinin ağırlaşması olub.
Buna görə hakim oyunu dayandırıb, futbolçuları soyunub-geyinmə otağına göndərib.
Ancaq bu zaman “Kadis”in qapıçısı Konan Ledesma qəhrəmanlıq göstərib. İspaniya mətbuatının yazdığına görə, o, nəyinsə səhv getdiyini ilk görənlərdən olub. Oyunun dayandırıldığı anda Ledesma həkim briqadasından defibrilatoru götürərək, meydançanın əks tərəfinə - xəstə azarkeşin və reanimasiya qrupunun olduğu tribunaya tərəf qaçıb. Daha sonra o, cihazı tribunaya, həkimlərə tullayıb.
🎥 Scenes in Cadiz as goalkeeper Conan Ledesma rushed medical equipment to the stands to assist with an emergency
— Mirror Football (@MirrorFootball) September 10, 2022
pic.twitter.com/uwFbzaVKc6
Ledesma bu hərəkəti ilə bütün stadionun alqışını qazanıb, üstəlik, halı pisləşən azarkeşin həyatını xilas edib. Belə ki, İspaniya mətbuatı təcili yardımdan sonra azarkeşin özünə gəldiyini yazıb. Fanat xəstəxanaya aparılıb. Matç bundan sonra davam edib və "Barselona"nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Blauqrana 55-ci dəqiqədə Frenki de Yonqun qolu ilə önə keçib, on dəqiqə sonra Robert Levandovski hesabı 2:0-a çatdırıb. Usman Dembele və Ansu Fati son on dəqiqədə işi bitirib, Levandovski onların hərəyə bir dəfə fərqləndiyi hər iki qola assistentlik edib.
Mirağa