"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının VI turunun oyunundan - evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis belə danışıb:
"Erkən qol vurmaq bizə yaxşı təsir etmədi... 5 tur idi ki, qol vura bilmirdik. Bunu şansa bağlamaq olmaz. Peşəkar komandayıq. Kompleks səbəblər var. Sadəcə, bəxsizliyi əsas gətirmək düzgün olmaz. İlk dəfədir ki, belə halla rastlaşıram. Bu durumdan çıxmağa çalışacağıq. Hamı birlikdə çalışmalıdır və daha yaxşı oynamalıyıq".
Belaruslu baş məşqçi "nə vaxtadək bu posta qalmağı düşünürsünüz" sualına bu cür cavab verib: "Bu sualı gecikdirmək lazım deyildi. Niyə uzadırdınız? Bilirəm, bu, sizin işinizdir. Ancaq inanın ki, vəzifədən ikiəlli yapışan yoxdur. Mən başqa ölkələrdə ortaya qoyduğum işin sayəsində buradayam. Qərarı rəhbərlik verir. İndilik nəsə deyə bilmərəm. Yenilik olsa, xəbəriniz olacaq".
Baqa heyətə cəlb edilən legionerlərin durumuna da toxunub: "Komandaya kim gəlibsə, onlarla işləmək məcburiyyətindəyəm. İşim komandanı hazırlamaqdır. Şayiələr haqqında fikir bildirməyim düzgün deyil. Legionerləri tək baş məşqçi seçmir. Skautlar, rəhbərlik, məşqçilər birlikdə qərar verir. Kim heyətə cəlb olunubsa, mənim fikrim öyrənilib".