Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, iki yarış günündən sonra Azərbaycan millisinin hesabında 2 qızıl, 1 gümüş medal var. Baş mükafatlara Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) sahib çıxıb. Turan Bayramov (60 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bu nəticə ilə Azərbaycan ümumkomanda hesabında 39 ölkə arasında 3-cü pillədə qərarlaşıb. Türkiyə 2 qızıl, 1 gümüş, 2 bürünc medalla birinci, İspaniya 2 qızıl, 1 gümüş, 1 bürünc mükafatla ikincidir.
Yalnız oğlanların sıralamasında isə ölkəmiz ilk sırada yer alıb.
Qeyd edək ki, qitə birinciliyinin fərdi yarışlarına sabah yekun vurulacaq. Son olaraq daha 5 cüdoçumuz tatamiyə çıxacaq. Sentyabrın 18-də isə qarışıq komanda (3 oğlan, 3 qız) yarışı baş tutacaq.