Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, fərdi yarışın üçüncü - sonuncu günündə Azərbaycanın 5 təmsilçisi tatamiyə çıxacaq.
Oğlanların 90 kiloqram çəki dərəcəsində yer alan cüdoçulardan Buenos-Ayres-2018 Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi Vüqar Talıbov 1/16 finalda Maksims Duinovs (Latviya) ilə, İsmayıl Zamanov eyni mərhələdə Aleks Maruska (Slovakiya) ilə üz-üzə gələcək.
Ruslan Nəsirli (100 kq) 1/8 finalda Hubert İllmeri (Avstriya), Kənan Nəsibov (+100 kq) Alin Baqrini (Moldova) sınağa çəkəcək.
Nəhayət, qızların 78 kq çəkisindəki Nərmin Əmirli 1/8 finala təsadüf edəcək start görüşündə Yuli Alma Mişiner (İsrail) ilə münasibətləri aydınlaşdıracaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, ilk iki gündə mübarizə aparan 8 cüdoçumuzdan 3-ü medal qazanıb. Vüsal Qələndərzadə (73 kq) ilə Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) bürünc mükafata sahib çıxıb. Qitə birinciliyinə sentyabrın 18-də qarışıq komanda (3 oğlan, 3 qız) yarışı ilə yekun vurulacaq.