Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində yer alan idmançı finalda ukraynalı İvan Kutenkovla qarşılaşıb. Rəqibinə "ippon"la qalib gələn Talıbov Avropa çempionu olub.
Daha əvvəl isə eyni çəkidəki İsmayıl Zamanov üçüncü yer uğrunda dueldə macarıstanlı Peter Safranini yenərək yarışın bürünc medalına yiyələnib.
Beləliklə, Azərbaycan cüdoçularının qitə birinciliyində əldə etdiyi medalların sayı 5-ə çatıb. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.
*** 17:39
Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində yer alan idmançı ardıcıl olaraq Maksim Duynov (Latviya), israilli İnbay Qabay və gürcüstanlı Tornike Poladişvilidən üstün olaraq yarımfinala adlayıb. Burada serbiyalı Milyan Radulu da yenən Buenos-Ayres-2018 Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi adını finala yazdırıb. Həlledici dueldə rəqib ukraynalı İvan Kutenkov olacaq.
Eyni çəkidəki İsmayıl Zamanov yarımfinaladək irəliləsə də, burada Kutenkova uduzub. O, üçüncü yer uğrunda macarıstanlı Peter Safrani ilə üz-üzə gələcək.
100 kiloqram çəki dərəcəsində çıxış edən Ruslan Nəsirli isə yarımfinalda italiyalı Daniele Akkoqliyə məğlub olub. O, bürünc medal qarşılaşmasında daha bir italiyalı Yan Karlettiyə rəqib olub.
Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.