Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Olimpiadaya lisenziya xarakterli dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın dördüncü günündə fərdi çoxnövçülük üzrə final mərhələsi keçirilib.
Yarışda 18 gimnast iştirak edib. Onların arasında seçmə mərhələdə doqquzuncu nəticə göstərən Azərbaycan təmsilçisi Zöhrə Ağamirova da olub.
21 yaşlı gimnast halqa, top, gürzlər və lentlə kompozisiyaların yekununda 116.450 bal toplayaraq 13-cü yeri tutub.
Sofiya Rafaelli (İtaliya) qızıl, Darya Varfolomeyev (Almaniya) gümüş, Stiliana Nikolova (Bolqarıstan) isə bürünc medala sahib çıxıblar. Hər üç gimnast Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qeyd edək ki, daha əvvəl Ağamirova lentlə finalda beşinci, halqa ilə altıncı yeri tutub. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət qrup hərəkətləri komandası isə çoxnövçülükdə 9-cu olub. Yığma həmçinin üç lent və iki topla hərəkətdə sentyabrın 18-də baş tutacaq finala vəsiqə qazanıb.