"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne məhsuldar ötürmə sayında "Liverpul"un canlı əfsanələrindən olan Stiven Cerrardın nəticəsini təkrarlayıb.
Fanat.Az xəbər verir ki, belçikalı ulduz bu göstəriciyə İngiltərə Premyer Liqasının 8-ci turunda - "Vulverhempton"la matçda (3:0) imza atıb.
Belə ki, De Bröyne "canavarlar"ı darmadağın etdikləri dueldə komanda yoldaşlarının vurduğu qollardan ikisinin assistenti olub və məhsuldar ötürmə sayını 92-yə çatdırıb. Kevin bu nəticəni İPL-də keçirdiyi 287-ci oyunda reallaşdırıbsa, Cerrard "qırmızılar"ın forması ilə çıxdığı 504 çempionat qarşılaşmasında 92 qol ötürməsi verə bilib.
Qeyd edək ki, İPL tarixində ən çox məhsuldar ötürmə verən futbolçu "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Rayan Giqqzdir. Uelslinin hesabında 162 assist var.
Nihat