Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Qazaxıstana 3:5 hesabı ilə uduzduqları yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, braziliyalı mütəxəssis federasiyanın rəsmi saytına danışıb:
"Birinci hissədən razı qaldım. İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər. Buna görə də fasiləyə hesabda üstün yollandıq. İkinci hissədə gücümüz çatmadı. Əvəzetmələrdən az istifadə etdiyimiz üçün əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular.
Eduardo Borges oyunu davam etdirə bilmədi. Everton Kardoso isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi. Hər iki futzalçının sabahkı oyunda meydana çıxacağı sual altındadır. Ramiz Çovdarovun da yüngül zədəsi var. Ümumilikdə bu oyun Polşa və Yunanıstanla matçlara hazırlıq baxımından yaxşı sınaq oldu".
Qeyd edək ki, Qazaxıstan və Azərbaycan yığmaları arasında ikinci oyun sentyabrın 20-də keçiriləcək.