"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən biri "Olimpiakos" baş məşqçiləri Karlos Korberanla yollarını ayırdıqdan sonar yeni çalışdırıcının adını hələ də mətbuata açıqlamayıb.
Veteran futbolçu Aslan Kərimov Fanat.Az-a açıqlamasında rəqibin heyətində baş məşqçi dəyişikliyinin "Qarabağ"la oyuna necə təsir edəcəyini və Yunanıstan klubu ilə oyunda "köhlən atlar"ın şansını dəyərləndirib:
"Belə hallarda məsələyə iki tərəfdən yanaşmaq lazımdır. Çünki baş məşqçi dəyişikliyinin effekti ikibaşlı olur. Bir tərəfdən klubun futbolçuları yeni çalışdırıcıya özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar və bunu oyun vaxtı etməli olurlar. Bu zaman oyunçular öz üzərində daha çox məsuliyyət hiss edirlər. Tam olaraq məşqlərinə və matça köklənirlər. Bu da əlbəttə ki, rəqibin nisbətən təhlükəli olmasına gətirib çıxarır.
Digər tərəfdən isə, yeni çalışdırıcı mövsümün ortasında kluba gəlirsə, onun buradakı ab-havaya uyğunlaşması müəyyən müddət tələb edir. Taktiki baxımdan bir az qarışıqlıq baş verir. Bir ağacın iki başı var və hər ikisi "Qarabağ"a təsir edə bilər.
Amma məsələyə başqa bir prizmadan da yanaşmaq lazımdır. "Qarabağ"ın indiki durumunu da qeyd etməliyik. Ağdam klubunun hazırki səviyyəsi onu deməyə əsas verir ki, "Olimpiakos"un çalışdırıcısı qalsaydı belə, bizim üçün elə də təhlükəli rəqib deyillər. Keçirdiyimiz iki oyun bizə onu sübut edir ki, "Olimpiakos"la matçda "Qarabağ"ın şansları kifayət qədərdir".
49 yaşlı mütəxəssis "Qarabağ"ın səfərdə "Olimpiakos"a qarşı matçda dominant tərəf olacağını bildirib: "Hər kəsə məlumdur ki, yunanıstanlı azarkeşlər öz çılğınlığına görə dünyada tanınır. Bu fakt səfər oyununda "Qarabağ"a müəyyən qədər təzyiq yarada bilər. Amma bütün bunlara baxmayaraq komandanın hücum xətti kifayət qədər itidir. Düşünürəm ki, oyuna bir az ehtiyyatlı başlayacağıq. Start fitindən sonra Yunanıstan təmsilçisinin pressinqi ola bilər. "Qarabağ" artıq özünü tutduğu halda, ünvanlı ötürmələrin davam edəcəyi halda rəqib də arxaya oturmalı olacaq. Çünki Kadi, Zubir, Ozobiç, Ovusu kimi oyunçular birə-bir sürətdə qrupun istənilən komandasına qarşı yüksək performans göstərməyə qadirdir. Onlar bu gün "Olimpiakos"un müdafiə xəttini yarmaq iqtidarındadırlar. "Qarabağ"daki kimi oyunçulara malik olan komandaya qarşı oynayırsansa, istər-istəməz geriyə çəkilməli olursan. Onların arxaya oturacağı halda isə "Qarabağ" öz oyun üslubundan rahat şəkildə istifadə edəcəl. Demirəm 100 faiz biz qalib gələcəyik. Bu qrupdakı digər komandaların da hücum xətti yüksək səviyyəli futbolçulardan təşkil olunub. Onlar da vaxtaşırı olaraq təhlükə yaradırlar.
"Nant"ı 3:0 darmadağın etməyimiz o demək deyil ki, biz müdafiədə ideal oynadıq. Obyektivliyə qalsa, onlarında təhlükəli hücumları vardı. Lakin bunu da qola çevirə bilmədilər. Bu baxımdan "Olimpiakos"la görüşdə də bunlar istisna olmamalıdır. Komanda öz meydanında oynayır və rəqibi lazımi şəkildə qiymətləndirmək lazımdır. Bizim irəli atıldığımız epizodlarda rəqib komanda "Qarabağ"ı əks-hücumda tuta bilər. Qısaca olaraq, qalib gəlməyə şansımız çoxdur. Ən azından məğlub olmayacağıq. Müdafiədə kifayət qədər etibarlı oynasaq, qalib gələn tərəf biz olacağıq".
Emin Şəmsiyev