Misli Premyer Liqasının VII turunda səfərdə "Zirə"ni 7:1 hesabı ilə məğlub edən "Qarabağ"ın qollarından dördünü Musa Qurbanlı vurub.
Maraqlıdır, parlaq oyun nümayiş etdirən 20 yaşlı hücumçunun Avropa Liqasında "Qarabağ"ın əsas heyətində meydana buraxılmasının zamanıdırmı?
Sualımızı "Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov cavablandırdı.
Vetaran futbolçu Fanat.Az-a açıqlamasında Musa Qurbanlının çıxışını dəyərləndirdi:
"Düşünürəm ki, onu Avropa Liqasının oyunlarında əsas heyətdə meydana buraxmaq hələ tezdir. Ovusu kimi birə-bir mübarizələrdə qalib gələcəyinə bir az şübhə ilə yanaşmağa dəyər. Oyunçunu birdən-birə belə bir oyunlarda meydana buraxmağın yeri yoxdur. "Frayburq"a və digər qrup komandalarına qarşı ona ikinci hissədə yeni dalğa olaraq şans verməyə dəyər. Bunun üçün kifayət qədər güc toplayıb. Hesab edirəm ki, püxtələşmiş oyunçudur. Düzdür, hələ üzərinə qoyulacaq çox şey var. Qurban Qurbanovun dedikləri ilə razıyam ki, bir oyunda poker etmək artıq Avropa səviyyəli bir futbolçusan demək deyil. Əlbəttə ki, Avropa Liqasının oyunlarında iştirak etməlidir. Amma əsas heyətdə Musa və Ovusu arasında seçim etməli olsam, Kvabenaya üstünlük verərdim. Sürət və təcrübə baxımında Musadan biraz öndədir. Amma yenə deyirəm, istənilən turnirdə, istənilən komandaya qarşı oyunda onu ehtiyyat qüvvə olaraq meydana buraxmaq lazımdır".
Emin Şəmsiyev