İranlı mütəxəssis Reza Mehmandust yenidən kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, o, bu postda Məmməd Abdullayevi əvəzləyib.
Yerli məşqçinin postundan uzaqlaşdırılmasına ötən ay Türkiyənin Konya şəhərində təşkil olunan V İslam İslam Həmrəyliyi Oyunlarında zəif nəticə göstərməsi səbəb olub. Uzun müddət gənclər yığmasını çalışdıran Abdullayev bu ilin iyununda məhz Mehmandustun yerinə böyüklərdən ibarət millinin "sükanı arxası"na gətirilmişdi. O, bundan sonra yenə gənclər yığmasındakı vəzifəsini icra edəcək.
Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Elnur Amanov isə Mehmandustun köməkçisi təyin edilib.
Qeyd edək ki, Azərbaycanın kişi taekvondoçuları İslamiadada 1 gümüş və 1 bürünc medal qazanıblar. Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) isə bürünc medala sahib çıxıb.