Yığma komandaların Millətlər Liqasında çıxışı səbəbilə ölkə çempionatlarında fasilə yaranıb. Misli Premyer Liqasında da iki həftəlik fasilə davam edir.
"Turan Tovuz" klubunun çalışdırıcısı Ayxan Abbasov Fanat.Az-a açıqlamasında yaranmış fasilədən necə istifadə etdiklərini açıqlayıb:
"Fasilə olacağını nəzərə almışdıq. Kimin gedib, kimin qalacağını gözləyirdik ki, planımızı ona uyğun quraq. Bundan səmərəli istifadə etməyə çalışırıq. Qarşıda bizi gərgin qrafik gözləyir. Bir aya 5 görüş keçirməli olacağıq. Gənc futbolçularımız var, onları məşqə çağırmışıq. Fasilədən istifadə edib həm də onların inkişafı istiqamətində çalışırıq. İrəlidəki çətin oyunlara hazır olmaq üçün özümüzü tam hazır vəziyyətə gətirməliyik. Zədəli oyunçularımız da var idi. Onları da tez bir zamanda sağaldıb turnirə hazır vəziyyətdə davam etmək istəyirik".
40 yaşlı mütəxəssis "Turan Tovuz"un debüt etdiyi mövsümdə turnir cədvəlinin 5-ci pilləsində yer almasının futbolçulara necə təsir etdiyi barədə də danışıb:
"Çempionat təzə başlayıb. Əlbəttə ki, turnir cədvəlindəki yer nəticə deyil. Amma komandanın hazırki vəziyyəti futbolçulara müsbət təsir edir. Turnir başlamamışdan qarşımıza bəlli bir məqsəd qoymuşduq ki, futbolçular inkişaf etsin, yeni komanda olaraq gələcəkdə daha yaxşı nəticələr əldə edək. Hələlik bu istiqamətdə işlərimiz davam edir. Oyunçular gözəl bilir ki, rəqabət gərgin keçəcək, xallar toplamaq çətin olacaq. Hər bir xal bizim üçün önəmlidir".
Abbasov futbolçuların paytaxtdan kənarda oynamasının onlara necə təsir etdiyi ilə bağlı sualı belə cavablandırıb:
"Ppaytaxtdan kənarda qalmaq, istənilən bölgə təmsilçisinin futbolçularına təsir edə bilər. Biz oyunçuları komandaya dəvət edəndə onların hara gələcəkləri, hansı komandada çıxış edəcəkləri, regionun infrastrukturu barədə ətraflı məlumat vermişik. "Turan Tovuz" futbolçuların rahatlığı üçün, onlara lazım olan şəraiti qurmaq üçün peşəkar səviyyədə çalışır. Oyunçularımız da qarşılarına bəlli bir məqsəd qoyub. Onların başlıca amalı peşəkarlıq nümayiş etdirməkdir. Futbolçunun paytaxtda olub oynamamasındansa, bölgədə olub maksimum oyun vaxtı əldə etməsi daha yaxşıdır. Futbolçularımız bunu dərk edir və bu, onların gələcək karyeralarına da təsirsiz ötüşmür. İstənilən futbolçu vətənindən, ailəsindən uzaqda qalanda darıxa bilər. Bu, normaldır. Amma bu, həm də peşəkarlığın bir hissəsidir. İşə düzgün yanaşsaq heç bir problem olmaz".
Emin Şəmsiyev