“Qarabağ”ın Avropa Liqasının qrupunda rəqibi olan “Olimpiakos”un qapıçısı Tomaş Vatslikin durumuna aydınlıq gəlib.
Fanat.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, millinin düşərgəsində zədələnən çexiyalı qolkiper uzun müddət komandasına kömək edə bilməyəcək.
33 yaşlı qapıçı tezliklə çiynindən əməliyyat olacaq və təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu o deməkdir ki, Vatslik nəinki “Qarabağ”la hər iki oyunu, ümumilikdə qrup mərhələsinin bütün matçlarını buraxmalı olacaq.
"Olimpiakos" əsas qapıçısının yerinə transfer reallaşdırmaq üçün UEFA-ya müraciət edib. Artıq Pirey təmsilçisinin namizədi də var. Belə ki, bu gün Aleksandros Pasxalikislə müqavilə imzalanacağı gözlənilir. Yunanıstan millisinin üzvü yayda PAOK-la yollarını ayırıb və hazırda azad agentdir.
Qeyd edək ki, “Olimpiakos”la “Qarabağ” arasında oyunlar oktyabrın 6-da Pireydə, 13-də isə Bakıda keçiriləcək.
Mirağa